• Font size:
  • Decrease
  • Reset
  • Increase

Ötən il 500 mindən çox insana sosial yardım edilib

Font ölçüsü


Fazil Mustafa deyir ki, ünvanlı sosial yardımın, eləcə də aztəminatlı təbəqəyə verilən digər müavinətlərin həcmi artırılmalıdır


Prezident İlham Əliyevin respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 2012-ci ildə də müəyyən işlər görülüb. Nazirlik ötən il bu istiqamətdə görülən işlərin hesabatını verib.
2012-ci ilin yekununa görə, 548 668 nəfər ailə üzvünü əhatə edən 124 217 ailənin hər birinə ayda orta hesabla 114 manat, hər ailə üzvünə 26 manat ünvanlı sosial yardım ödənilir. Ehtiyac meyarının məbləği 2006-cı ildəki 30 manatla müqayisədə ötən müddətdə 2,8 dəfə artaraq 2012-ci ildə 84 manat təşkil edib.ə
Birdəfəlik ünvanlı yardım - Özünədəstək proqramının icrası 2012-ci ildə də davamlı olub və indiyədək 12 rayonda 271 ailə bu proqrama cəlb edilib. Proqramın cari ildə bütün ölkədə tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, aztəminatlı ailələrin tam aktiv dövlət dəstəyi ilə təmin edilməsi üçün ƏƏSMN yanında Sosial Dəstək Fondunun yaradılması ilə bağlı təklif hazırlanıb, 2013-cü ildən Fondun fəaliyyətə başlaması üçün müvafiq işlər görüləcək.ə
2012-ci ilin yekununa olan məlumata görə, ölkə üzrə 403 266 nəfərə aylıq, o cümlədən 90 584 nəfərə birdəfəlik sosial müavinət ödənilir. Görülən tədbirlər nəticəsində sosial müavinətlərin orta aylıq məbləği 01 yanvar 2003-cü illə müqayisədə 2,6 dəfə artırılaraq, 50,2 manata çatıb. Eyni zamanda, Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 34 922 nəfər şəxsin hər birinə ayda orta hesabla 116,9 manat məbləğində olmaqla Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir.əƏlamətdar günlər və ildönümləri ilə bağlı olaraq, ümumilikdə 5 mindən çox əlilə birdəfəlik maddi yardımlar, penitensiar müəssisələrdən azadlığa çıxmış 3422 nəfərə maddi və sosial yardımlar verilib, 47 nəfər insan alveri qurbanına, 50 nəfər potensial insan alveri qurbanına tibbi, psixoloji, maddi və digər yardımlar göstərilib.
Azərbaycan Prezidentinin 9 yanvar 2013-cü il tarixli Sərəncamı ilə sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmətin göstərilməsi sahəsində əlavə tədbirlər görülməsi məqsədilə 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq 2 (iki) milyon manat ayrılıb. Bu vəsait ilk növbədə sağlamlıq imkanları məhdud yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası və baxımsızlığının qarşısının alınması sahəsində işlərin görülməsinə, onlara ev şəraitində icma əsaslı sosial xidmətlər göstərilməsinə yönəldiləcəkdir.ə

5 minə yaxın əlil və şəhid ailəsinə mənzil verilib

2012-ci il ərzində Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli, Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Şəki və Şəmkir rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli yaşayış binaları, ümumilikdə 411 mənzil müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. 1997-ci ildən 2012-ci ilin sonuna qədər 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzilə sahiblənib.
Ötən il 325 minik avtomobili Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə verilib. İndiyədək 3525 nəfər bu təbəqələrdən olan vətəndaş dövlət hesabına minik avtomobili ilə təmin edilib.
Azərbaycanda sosial müdafiə əhəmiyyətli yeni obyektlərin yaradılması da prioritetlərdən birinə çevrilib. Belə ki, hazırda Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzinin və Sosial Sığınacağın inşası işləri aparılır. Həmçinin Bilgəhdə Qocalar evi əsaslı təmir edilməklə, pansionat üçün 170 yerlik 5 mərtəbəli ikinci korpus tikilir. Ramana Gənc Əlillər evində əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, burada əlillərin peşə hazırlığına cəlb olunması üçün müvafiq şərait də yaradılır.ə
2012-ci ildə Buzovna 9 saylı internat evində təmir və yenidənqurma işləri yekunlaşıb. Hazırda Şaqan 3 saylı, Saray 7 saylı, Buzovna 9 saylı internat evlərində müasir tələblərə uyğun şərait var. Digər internat və pansionatlarda da müasir tələblərə uyğun şəraitin yaradılması işləri davam etdirilir.ə

3 286 nəfər işsiz statusu alıb

2012-ci il ərzində Dövlət Məşğulluq Xidməti orqanlarına müraciət etmiş 49 326 nəfər müvafiq qaydada qeydiyyata alınıb. Onlardan 29 750 nəfər münasib işlə təmin edilib, 4 464 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına, 1483 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub və 111 956 nəfərə peşəyönümü məsləhəti verilib. Həmçinin, 3 286 nəfərə qanunamüvafiq qaydada işsiz statusu, 3619 nəfərə işsizlik müavinəti təyin olunub.
Ötən il 57 şəhər və rayonda keçirilən əmək yarmarkalarında 5 471 nəfər işsiz vətəndaş münasib işlərlə təmin edilib, 455 nəfər peşə hazırlığı kurslarına, 367 nəfərə haqqı ödənilən ictimai işlər verilib. Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərindəki əmək birjaları tərəfindən 4 095 nəfər işsiz vətəndaş müvəqqəti xarakterli işlərlə təmin olunub. Bu sahədə yeni tədbir kimi, xüsusi hazırlanmış nəqliyyat vasitələri ilə səyyar əmək birjaları fəaliyyətə başlayıb.
2012-ci il ərzində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti və müraciətlərin araşdırılması zamanı 17 973 hüquq pozuntusu aşkar edilərək aradan qaldırılıb. Ödənilməsi işəgötürənlər tərəfindən gecikdirilən 1 087 962 manat əmək haqqının, 72 866 manat zərərə görə ödəncin, 29 624 manat sosial müavinət və kompensasiyanın ödənilməsi təmin edilib, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 161 nəfərin öz işlərinə bərpa edilməsinə nail olunub. Qeyri-leqal məşğulluq hallarının aradan qaldırılması barədə dövlət başçısının verdiyi tapşırığın icrası olaraq, 2012-ci ildə aidiyyatı təşkilatlarla birgə tədbirlər həyata keçirilib, respublika üzrə ümumilikdə əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunan 220 min nəfərlə əmək müqaviləsinin bağlanması təmin edilib.
Ötən il ünvanlı sosial yardım üçün poçt və elektron qaydada alternativ müraciət mexanizmlərinin bütün ölkədə tətbiqi, habelə ünvanlı sosial yardımların ödənişinin elektron imza sertifikatları vasitəsi ilə mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi, ƏƏSMN-nin rəsmi internet resursu üzərindən 12 növ üzrə elektron xidmətlərin tətbiqi reallaşdırılıb.
Hazırda ölkədə qayğıya ehtiyacı olan təbəqənin sosil vəziyyətinin yaxşılaşdırılması yönündə atılan addımları, həyata keçirilən tədbirlərin nəticələrini qiymətləndirən millət vəkili Fazil Mustafa təəssüflə qeyd edib ki, hazırda bu istiqamətdə görülən işlər qaneedici səviyyədə deyil. Millət vəkili vurğulayıb ki, bu işdə dövlətin rolu olduqca önəmlidir: "Hesab edirəm ki, bu məsələdə dövlət tərəfindən ciddi dəstək ortaya qoyulmalıdır. Əks təqdirdə bu problemin həlli istiqamətində irəliləyiş əldə etmək mümkün olmayacaq. Bu qanunun işləməsi üçün lazım olan şərtlər həyata keçirilməlidir. Ümumiyyətlə, bu, elə sahədir ki, bütün məsələləri ictimai sektorun üzərinə qoymaq olmaz".

Yardımlar ehtiyac meyarını ödəmir

Dövlət tərəfindən verilən ünvanlı sosial yardımın ehtiyac meyarını tam ödəmədiyini vurğulayan F.Mustafa qeyd edib ki, burada olan əyintilər səbəbindən bir çox hallarda problemlər öz həllini tapmır. Onun sözlərinə görə, bu sahədə neqativ hallar həddən artıq çoxdur: "Bu səbəbdən də ünvanlı sosial yardımın, eləcə də aztəminatlı təbəqəyə verilən digər müavinətlərin həcmi artırılmalıdır. Dövlətin müdaxiləsi vacibdir. Əks halda bu sahədə əyintilər də qalacaq, yardımın da səviyyəsi insanları qane etməyəcək. Bu istiqamətdə bizim də müəyyən təkliflərimiz var. Hesab edirəm ki, hər şeydən öncə hüquqi mexanizmlər işləməlidir".
Son dövrlər əmək yarmarkalarının keçirilməsi, insanların işlə təmin olunması və sosial müavinət, kompensasiyanın ödənilməsi ilə bağlı problemlərə də toxunan deputat "Burada ümumiyyətlə, xoşagələn hal yoxdur. Çünki müavinətlərin ödənilməsi, sosial yardımların həyata keçirilməsində vahid siyasət aparılmır. Araşdırmaq lazımdır ki, bu, həqiqətən də vətəndaşın probleminin həllinə, yoxsa başqa məqsədlərə xidmət edir? Bu sahədə mütəxəssislərin fikirləri önəmlidir. Onların problemi aradan qaldırmağın yolları ilə bağlı təklifləri nəzərə alınmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Ќazirliyinin hesabatlarında sosial yardımların həcminin artırılması ilə bağlı açıqlamalarını da tam əsaslı saymaq olmaz. Məncə, müəyyən problemlər hələ də qalmaqdadır", - söyləyib.

Z.MƏMMƏDLİ

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu maliyyə yardımı ilə “Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqəsinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması” layihəsi çərçivəsində hazırlanmışdır.